Hüquqi şəxslərin hüquqi təhlilini apararkən çox rastlaşdığımız məsələlərdən biri də aidiyyəti şəxslərlə bağlanılan əqdlərə dair tələblərin pozulmasıdır. Müvafiq tələblərə əməl edilmədən bağlanmış əqdlər hüquqi şəxs, onun iştirakçıları və ya direktorlar şurasının üzvləri tərəfindən mübahisələndirilmə və ya etibarsız hesab edilmə riski daşıyır.
- Bəs aidiyyəti şəxslərlə bağlanılan əqdlərə dair tələblər hansılardır?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra “Mülki Məcəllə”) əsasən, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir.
Bu məsələni nəzərdən keçirmək üçün aiddiyyəti şəxslərin kim olduğunu başa düşməliyik. Hüquqi şəxslərə aidiyyəti şəxslərə həmin hüquqi şəxsin direktoru, iştirakçıları, idarə heyətinin üzvləri, habelə onların həyat yoldaşları və yaxın qohumları (valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər olan şəxslər), baba, nənə, nəvələr, ər-arvadın bacı-qardaşları, valideynləri, habelə yaxın qohumlarının ər-arvadları və Mülki Məcəllənin 49-1-ci maddəsində göstərilən digər şəxslər aid edilir. Beləliklə aydın olur ki, aidiyyəti şəxslər birbaşa və (və ya) dolayısı yol ilə qərarları qəbul etmək və ya onların qəbul edilməsinə təsir etmək imkanına malik olan şəxslərdir.
- Hansı hallarda aidiyyəti şəxslərdə hüquqi şəxsin əqd bağlamasında maraq yaranır?
Əgər aidiyyəti şəxslər:
- əqdin bir tərəfidirsə və ya hüquqi şəxsə münasibətdə üçüncü şəxsin maraqlarında çıxış edirlərsə;
- əqdin bir tərəfi olan və ya hüquqi şəxsə münasibətdə üçüncü şəxsin maraqlarında çıxış edən hüquqi şəxsin nizamnamə kapitalında 20 faiz və ya daha çox paya (hər biri fərdi və ya kollektiv şəkildə) sahib olarsa;
- əqdin bir tərəfi olan və ya hüquqi şəxsə münasibətdə üçüncü şəxsin maraqlarında çıxış edən hüquqi şəxsin əmlakının sahibidirsə;
- əqdin bir tərəfi olan və ya hüquqi şəxsə münasibətdə üçüncü şəxsin maraqlarında çıxış edən hüquqi şəxsin idarəetmə orqanlarının üzvü olarsa, idarəetmə orqanlarında vəzifə tutarsa;
- nizamnamə ilə müəyyən edilmiş digər hallarda.
Təcrübəmizdə tez-tez rast gəldiyimiz hallardan misallar gətirək:
1. İki hüquqi şəxs arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilədə tərəflərdən birinin direktoru digərinin direktorunun yaxın qohumudur.
2. Hüquqi şəxsin direktoru tərəfindən hüquqi şəxsə borc verilməsinə dair müqavilə bağlanılır. Direktor Mülki Məcəlləyə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslər siyahısındadır.
Bir çox hallarda Mülki Məcəllənin tələbləri pozularaq bu müqavilələr müvafiq tələblərə əməl olunmadan, məsələn, hüquqi şəxslərin iştirakçılarının ümumi yığıncağı keçirilmədən və iştirakçıların razılığı əldə edilmədən, bağlanılır.
Qeyd: Nəzərinizə çatdırırıq ki, aidiyyəti şəxslərlə əqdlərin bağlanılması üçün ümumi yığıncağın keçirildiyi halda belə, əgər ümumi yığıncağın keçirilməsi qaydaları pozularsa (məsələn, bu barədə iştirakçılara məlumat verilməsə), Mülki Məcəllənin tələbləri pozulmuş hesab olunur.
Yuxarıda qeyd edilən tələblərə əlavə olaraq, yalnız aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizini və ya daha çoxunu təşkil etdikdə, bu əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi ilə bağlanır.
- Bu kimi pozuntuların qarşısını almaq üçün aşağıdakı addımlar atılmalıdır:
- Hüquqi şəxsə aidiyyəti olan şəxslərin siyahısı müəyyən edilməli və bu siyahı vaxtaşırı olaraq yenilənməlidir. Hüquqi şəxsə aidiyyəti olan şəxslərin siyahısının olmaması aidiyyəti şəxslərin iştirak etdiyi ümumi yığıncağın (Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə)hüquqi şəxsin nizamnaməsində uyğun olaraq direktorlar şurasının təsdiqini tələb edən əqdləri izləməyi çətinləşdirir.
- Hüquqi şəxsə aidiyyəti olan şəxslə əqd bağlanılarkən iştirakçıların ümumi yığıncağının (direktorlar şurasının) təsdiqi alınmalıdır. Təsdiq almaq üçün iştirakçıların ümumi yığıncağını və ya direktorlar şurasının iclasını keçirmək lazımdır. Hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağında hüquqi şəxsin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.
Qeyd: Müəyyən edilmiş yetərsay olmadıqda, təkrarən çağırılan ümumi yığıncaq hüquqi şəxsin paylarının 25 faizinə malik olan iştirakçılar iştirak etdikdə səlahiyyətlidir. Nəzərə almaq lazımdır ki, hüquqi şəxsin nizamnaməsi yetərsay üçün daha çox səs sayı müəyyən edə bilər.
- Aidiyyəti şəxslər ilə olan əqd bağlanmazdan əvvəl təsdiqlənməyibsə (məsələn, əqd bağlandıqdan sonra aidiyyəti şəxsin əqdin tərəfi olduğu məlum olarsa), belə bir əqd bağlandıqdan sonra təsdiq edilə bilər.
- Qanunvericiliyin tələbləri pozularaq bağlanan əqd hansı nəticələrə səbəb ola bilər?
- Mülki Məcəlləyə əsasən qanunvericiliyin tələblərinə əməl edilmədən belə əqdlər bağlanarsa, müvafiq şəxsin hərəkətləri məhkəmə tərəfindən onun səlahiyyətlərini aşması kimi qiymətləndirilə və əqd etibarsız sayıla bilər.
- Cinayət Məcəlləsinə əsasən hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
- İnzibati Xətalar Məcəlləsinə əsasən hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə:
- Səhmdar cəmiyyətlərinə münasibətdə – vəzifəli şəxslər 1000 – 1500 AZN, hüquqi şəxslər 10 000 – 15 000 AZN miqdarda cərimə edilir;
- Digər hüquqi şəxslərə münasibətdə – vəzifəli şəxslər 500 – 1000 AZN, hüquqi şəxslər 5000-10000 AZN miqdarda cərimə edilir.
Yuxarıda qeyd olunanlara əlavə olaraq qeyd edək ki, belə əqd nəticəsində hüquqi şəxsə zərər vurulduqda, əgər aidiyyəti şəxs bilə-bilə bu hüquqi şəxsin mənafeyinə uyğun olmayan əqdin bağlanmasını təklif etmişdirsə və (və ya) buna səbəb olmuşdursa, aidiyyəti şəxs hüquqi şəxs qarşısında dəymiş zərər məbləğində məsuliyyət daşıyır.
Hüquqi şəxsə bir neçə aiddiyyəti şəxs tərəfindən zərər vurulduqda, onların hüquqi şəxs qarşısında məsuliyyəti birgədir.
Yuxarıda deyilənləri təhlil edərək belə bir nəticəyə gəlmək olar ki, aidiyyəti şəxslər ilə bağlanan əqdlər xüsusi əhəmiyyətə malikdir, çünki həmin əqdlər məhkəmə tərəfindən etibarsız hesab olunması riskini daşıyır, bu da əqdi bağlamış şəxslər tərəfindən iddiaçıya (üçüncü maraqlı şəxsə) cərimələrin və təminatların ödənilməsinə səbəb olur.
Belə əqdlərin bağlanılması qaydalarına riayət etməklə bu cür halların qarşısını almaq mümkündür.
Hər hansı əlavə məlumat üçün, bizim Baş Hüquqşünasımız, Səbinə Kərimova ilə əlaqə saxlaya bilərsiz.